Professor Ziya Selçuk Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunda çıxış edəcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunun əsas spikerlərdən biri professor Ziya Selçuk olacaq.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, Ziya Selçuk “Maya” məktəblər şəbəkəsinin yaradıcısıdır. 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. “40 dəfə söyləmişəm”, “Təhsil psixologiyası”, “Həyatın içindəki tədris proqramı” və digər kitabların müəllifidir. “Uşaqları məktəbə yox, məktəbi uşaqlara hazırlamaq” ideyasını dəstəkləyir.
Xatırladaq ki, forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda reallaşacaq. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Heydər Əliyev İli”nə həsr edilən forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur. “Daha təhsilli gələcək” devizi ilə Beynəlxalq Müəllimlər Günündə keçiriləcək forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti, real dünyanın təhsildən tələbləri və oxu savadlılığı mövzularını əhatə edəcək.