PROKURORLUQ ƏMƏKDAŞLARINA DÖVLƏT MÜKAFATLARI TƏQDİM OLUNMUŞDUR
Bu münasibətlə keçirilən mərasimdə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən 1995 və 1998-ci illərdə imzalanmış Fərmanlarla əməkdaşların dövlət mükafatlarına layiq görülməsini Azərbaycan prokurorluğuna yüksək etimad və inamın ifadəsi kimi qiymətləndirən baş prokuror Zakir Qaralov, çətin anlarda həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində vətəndaş müharibəsinin qarşısının alınması ilə müstəqilliyimizin itirilməsi təhlükəsinin aradan qaldırıldığını, ictimai-siyasi sabitliyin bərpa edildiyini, məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırıldığını, xalqımızın maddi rifah halının yaxşılaşması üçün möhkəm iqtisadi əsaslar yaradıldığını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.
Bildirildi ki, həyata keçirilən dövlətçilik siyasətində prokurorluq işçiləri həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə yardımçı olmuş, xüsusi təhlükəli dövləti cinayətlərin qarşısının alınmasında qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində xüsusi xidmətlər göstərmişlər.
Sonra Zakir Qaralov “İgidliyə görə” medalına layiq görülmüş əməkdaşlara dövlət mükafatlarını təntənəli şəkildə təqdim etdi. Qubadlı Rayon Prokurorluğunun xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş müstəntiqi Əyyub Vəliyevin medalı onun həyat yoldaşına verildi.
Çıxış edənlər onların xidmətlərinin dövlət səviyyəsində qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildirdilər, göstərilən etimadı doğrultmaq üçün bundan sonra da dövlətçiliyimizin qorunması yolunda əzmlə çalışacaqlarını vurğuladılar.