Prokurorluq Xaçmaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 16 iyun, AZƏRTAC
Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayonu ərazisində naməlum sürücü tərəfindən iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisəni törətmiş sürücünün guya hadisə yerindən qaçması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xaçmaz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında qeyd edilib ki, rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü Xaçmaz rayonunun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb olunub.
Belə ki, iyunun 15-də saat 22 radələrində Xudat şəhəri ərazisində yolu keçmək istəyən piyadalar - İbrahim Şahbazovun və Nurməhəmməd Seyidəliyevin Siyəzən şəhər sakini Tərlan Əliyevin idarə etdiyi “VAZ-2102” markalı 53-BD-083 dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində N.Seyidəliyev aldığı xəsarətlərdən vəfat edib, İ.Şahbazov isə bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Fakta görə rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin T.Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.