Proqram sistemi xətalarının proqnozlaşdırılması üçün yeni metod işlənib
Bakı, 22 iyun, AZƏRTAC
İnformasiya texnologiyalarının sürətli inkişafı aparat və proqram təminatına yüksək tələblər qoyub. Proqram təminatı sənayesi üçün keyfiyyətli proqram sistemlərinin işlənməsi və sifarişçilərin tələblərinə cavab verməsi ən vacib məsələlərdən biridir. Proqram sistemlərinin mürəkkəbliyi artmaqda davam edir, bu isə onda olan xətaların sayının artmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Tamilla Bayramova məlumat verib.
Proqram sistemi xətalarının proqnozlaşdırılması haqqında bəhs edən məruzəçi bu prosesin iki strategiya - reqressiya və klassifikasiya üzrə aparıldığını diqqətə çatdırıb.
T.Bayramova proqram xətalarının proqnozlaşdırılmasını təkmilləşdirmək üçün müxtəlif maşın təlimi metodlarından istifadə edildiyini də bildirib. Vurğulayıb ki, bu sahədə ən çox istifadə edilən metodlara “Trees”, “Bayesian learners” (BL), “Neural Networks” (NN), “Support vector machines”, “Rule based learning” (RBL) və “Ensemble learners” (EL) daxildir.
Tədqiqatçı proqram sistemi xətalarının proqnozlaşdırılması üçün yeni metodun işlənməsi, təklif olunan metodun eksperimental tədqiqi haqqında məlumat verib. O, aparılmış eksperimentlərə əsaslanaraq təklif edilən metodun ayrı-ayrı maşın təlimi metodlarına nisbətən daha dəqiq proqnoz verdiyini vurğulayıb.