PROTEZ-ORTOPEDİK BƏRPA MƏRKƏZİNDƏ MÜASİR BƏRPA CƏRRAHİYYƏSİ BÖLMƏSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Bərpa mərkəzində müasir tələblərə cavab verən bərpa cərrahiyyəsi bölməsinin açılışı olmuşdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev dövlətin sosial müdafiəyə ehtiyacı olan təbəqələrə qayğının artırılması, o cümlədən əlillərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, regionlarda yeni bərpa mərkəzlərinin yaradılması sahəsində dövlət səviyyəsində görülən tədbirlərin ildən-ilə genişləndiyini vurğulamış, müasir avadanlıqla təchiz olunmuş və ən yüksək tələblərə cavab verən bərpa cərrahiyyəsi bölməsinin istifadəyə verilməsini bunun daha bir təzahürü kimi səciyyələndirmişdir. Nazir bölmənin yaradılmasında göstərdikləri maddi-texniki yardıma görə BMT-nin İnkişaf Proqramının və Qırmızı Xaç Cəmiyyətinin ölkəmizdəki nümayəndəliklərinə minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları bölmənin müalicə, cərrahiyyə və digər ixtisaslaşdırılmış kabinetləri ilə tanış olmuş, burada müalicə olunan əlillərə baş çəkmişlər.
Mükəmməl texniki bazaya malik Protez-Ortopedik Bərpa Mərkəzi indiyədək 30 min nəfərdən artıq adam qəbul etmişdir. Onların əksəriyyəti uşaqlar və müharibə əlilləridir. Buradakı müalicə-bərpa şöbələrində 8 minə yaxın əlilə protez-ortopedik xidmətləri göstərilmişdir. Bundan əlavə, mərkəzdə protezlərin, ortopedik ayaqqabıların, fəqərə sütununda baş verən xəstəliklərin aradan qaldırılmasında istifadə edilən aparatların hazırlanması, eləcə də əlillərin stasionar şəraitdə protezləşdirilməsi üçün lazımi şərait yaradılmışdır. Ümumiyyətlə, bərpa mərkəzində hər il 130 adda protez-ortopedik məhsullar hazırlanır.
Açılış mərasimində Milli Məclisin deputatları, BMT-nin İnkişaf Proqramının və Qırmızı Xaç Cəmiyyətinin ölkəmizdəki təmsilçiləri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.