Qadın sahibkarların çoxluğu işğaldan azad edilən ərazilərdə məşğulluğun inkişafına təkan verəcək
Bakı, 31 avqust, AZƏRTAC
İşğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən qadın sahibkarlarımızın sayı artmaqdadır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, Şuşa, Zəngilanda, o cümlədən Ağalı kəndində sahibkar qadınlarımız biznes qurmaqda maraqlıdırlar: “Onlar daha çox ayaqqabı, tekstil sahələrinə üstünlük verirlər, həmçinin kənd təsərrüfatında ənginarın əkilməsi, zeytun bağları və digər kənd təsərrüfatı sahələrində də fəaliyyət göstərmək istəyirlər. Bunun üçün isə əlavə investorlara ehtiyac var ki, onların dəstəyi ilə birgə fəaliyyətə başlasınlar. Son illər qadın sahibkarlarımızın sayının artması işğaldan azad edilən bölgələrimizdə məşğulluğun inkişafına yardım edəcək”.
S.Babayeva qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən böyük dəstək göstərilir.