Qafqaz Universitetində Xocalı soyqırımı ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Qafqaz Universitetində “Xocalı faciəsi vətən tarixinin qanlı soyqırımı səhifəsidir” mövzusunda anma mərasimi keçirilmişdir.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd Xocalı soyqırımı barədə düşüncələrini bölüşmüşdür. Qeyd etmişdir ki, 18 il Xankəndidə yaşamasına baxmayaraq, 21 ildir ki, Xocalı həsrəti ilə yaşayır. Bu faciəyə aparan yol əslində Meşəli, Qaradağlı faciələrindən başlamışdır. Məhz həmin vaxtlarda bu faciənin qarşısı alınsaydı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda soyqırımı yaşanmazdı. O müdhiş gecə xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Tanınmış jurnalist Qulu Məhərrəmli vurğulamışdır ki, 1992-ci il yanvarın 10-da dövlət televiziyasında işləyərkən Xocalıdan xüsusi reportaj hazırlamışdı. Həmin vaxt bir daha aydın oldu ki, Xocalı əhalisi tamamilə köməksiz qalmış, ümidləri isə demək olar ki, itmişdi. Xocalı soyqırımının dünya tərəfindən tanınması, ayrı-ayrı ölkələrdə bu faciəyə hüquqi qiymətin verilməsi istiqamətində ciddi iş aparılmalıdır. Bu işdə gənclər, xüsusilə də xarici dövlətlərdə təhsil alan azərbaycanlı tələbələr fəal olmalıdırlar.
Tədbirdə tələbələrin ifasında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, “Xoca” filmi göstərilmişdir.