Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda erməni hərbçilərinin Xocalıda törətdiyi soyqırımının 27-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxışında Ermənistanın Xocalıda bəşəriyyətə qarşı dövlət səviyyəsində cinayət törətdiyini qeyd edib. Bildirib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyev mühüm işlər həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, dosent Ramilə Dadaşova, ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev, institutun əməkdaşı Məzahir Sadıxov BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrindən, bir sıra ölkələrin qanunverici orqanlarının Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermələrindən bəhs ediblər.