Qahirə Universitetində tələbələr Azərbaycan dilini sevə-sevə öyrənirlər
Qahirə, 4 iyul, AZƏRTAC
Azərbaycan dili qardaş Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmaq üçün mühüm vasitədir. Fakültəmizdə Azərbaycan dilinin tədrisinə 2016-cı ildən başlanılıb. Bu müddətdə mindən çox tələbə Azərbaycan dilini öyrənib və bu sahə üzrə ixtisaslaşıb.
Bu sözləri Qahirə Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin dekanı professor Nəcla Rafət Salim AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
“Tələbələrimiz bu dili və bu ixtisası sevə-sevə öyrənirlər. Bir neçə tələbəmizin Azərbaycan dili ilə bağlı kitabları da çıxıb. Burada dərs deyən Seymur Nəsirov tələbələrin və professor-müəllim heyətinin hörmətini qazanıb. O, Azərbaycan dilinin tədrisi ilə yanaşı, həm də xalqınızın mədəniyyəti barədə tələbələri məlumatlandırır. Bundan başqa, bu ixtisasa yaxşı yiyələnmiş bir neçə tələbənin işlə təmin edilməsinə də kömək edib. Qeyd edim ki, bu tələbələrin Misir və Azərbaycan arasında əlaqələrin inkişafına töhfələri günü-gündən artır”, - deyə misirli alim əlavə edib.
Dekan qeyd edib ki, fakültədə hazırda 14 min tələbə dərs alır. Ümumilikdə 18 şöbə və 9 xüsusi proqram tədris olunur. Avropa dilləri, eləcə də Şərq dilləri şöbələri fəaliyyət göstərir. Türk və Azərbaycan dilləri və ədəbiyyatı Şərq dilləri və ədəbiyyatı şöbəsində tədris olunur.
O bildirib ki, fakültədə dil şöbələri ilə yanaşı, sosiologiya, tarix, coğrafiya şöbələri də fəaliyyət göstərir. “Fakültədə magistratura və doktorantura səviyyələri də var. Bəzi magistrantlar Azərbaycan ədəbiyyatı üzrə təhsil alırlar. Magistraturada bu sahənin tədrisi xalqlar arasında ədəbi əlaqələrin inkişafına töhfə verir. Burada Azərbaycan ədəbiyyatı tarixi ilə yanaşı, ölkənizin şairləri və ədiblərinin əsərləri, ədəbi mətnlərin tənqidi tədris edilir. Eyni zamanda, Misir, ərəb və Azərbaycan ədəbiyyatlarının müqayisəli tədrisini həyata keçirmək fikri də var. Hər iki ədəbiyyat arasında ortaq və fərqli tərəflərin öyrənilməsi lazımdır. Bu, ərəb və Azərbaycan mədəniyyətlərinə bir töhfədir.
Nəcla Rafət Salim, həmçinin diqqətə çatdırıb ki, rəhbərlik etdiyi fakültə gələcəkdə konfranslar, simpoziumlar vasitəsilə ölkələrimiz arasında mədəni, ədəbi əlaqələrin daha da inkişafına töhfə verməyə hazırdır.
Sonda AZƏRTAC-ın xüsusi müxbiri Şıxəli Əliyevin tərcüməsinin yer aldığı “Nəcib Məhfuz. Seçilmiş əsərləri” və professor Nərgiz Əliyevanın ərəb dilində çap olunmuş “Azərbaycanda İslam mədəniyyəti: VII-XIII əsrin əvvəlləri” kitabları Humanitar və ictimai elmlər fakültəsinə hədiyyə edilib. Kitablara görə təşəkkürünü bildirən dekan bu kitabların xalqlarımız arasında ədəbiyyat və mədəniyyət sahəsində əlaqələrin inkişafına körpü olduğunu vurğulayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə