Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Lənkəran-Astara bölgəsindən axan Viləşçayın Şıxlar və Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsi 1 santimetr azalıb. Lənkərançayın Sifidor və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd məntəqələrində suyun səviyyəsi dəyişməyib, Gəncəçayın Zurnabad və Zəyəmçayın Ağbaşlar məntəqələrində isə 1 santimetr artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 127 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 77 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 17 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 35,5 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normanın 52 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 6 faiz azdır.
Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib, səviyyə 305, su sərfi isə 75,5 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 2 santimetr artaraq 117, Kür-Bankədə 1 santimetr azalaraq 107, Araz-Novruzluda isə 1 santimetr azalaraq 65 santimetr təşkil edib.