Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edib
Bakı, 28 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri ildən-ilə gücləndirilir.
Belə tədbirlərin davamı olaraq mayın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, avtomobillərin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May - Respublika Günü münasibətilə təbrik edib. O vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr tariximizin şərəfli səhifələrindən biridir. Nazir müavini ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi dinamik inkişaf yolunda inamla irəlilədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dayanıqlı inkişafı, eyni zamanda, güclü sosial siyasəti ilə seçilən bir ölkədir.
A.Kərimov qeyd edib ki, bunun daha bir əyani təzahürü kimi, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40, sosial müavinət və təqaüdlər orta hesabla 100, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanı əhatə edib.
Nazir müavini bildirib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626, indiyədək isə 6654 mənzil verilib. Ölkə başçısının tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq.
A.Kərimov qeyd edib ki, cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb. Həmçinin I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib, 12 min 268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə - 11 min manat ilə təminat proqramı artıq 80 faiz icra olunub.
Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən A.Kərimov ötən il 265 müharibə əlilinə minik avtomobilinin verildiyini bildirib. Dövlət başçısının 2019-cu il 18 mart tarixli Sərəncamı ilə ayrılmış vəsait bu il əlavə olaraq 400-dən çox avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.
Nazir müavini şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiriləcəyini bildirib, avtomobillə təmin olunan vətəndaşları bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev həssas qrupların sosial təminatlarının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, aparılan islahatların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin ildən-ilə güclənməsinə, eyni zamanda, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.