Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq Zəfərin davamı və dövlət iradəsinin təcəssümüdür - ŞƏRH
Bakı, 20 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinin sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Vətən müharibəsində qazandığımız Zəfərin əsasında Azərbaycan xalqının sarsılmaz milli ruhu, dövlətinə sədaqəti və tarixi haqqın bərpa olunacağına inamı dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
O bildirib ki, dövlət başçısının xüsusi vurğuladığı kimi, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən qəhrəmanların böyük əksəriyyəti həmin torpaqları heç vaxt görməmiş gənclər idi. Onlar dünyaya göz açanda Qarabağ işğal altında olsa da, bu amil onların Vətən sevgisini zərrə qədər də zəiflətmədi. Əksinə, ailədən aldıqları tərbiyə, tarix şüuru və milli-mənəvi dəyərlər sayəsində torpaqlarımızın azadlığı uğrunda ən böyük fədakarlığa hazır olduqlarını sübut etdilər. Çünki onları irəli aparan əsas qüvvə milli ruh, ləyaqət hissi və Vətən sevgisi idi.
Nadir Azərinin sözlərinə görə, 44 günlük Vətən müharibəsi təkcə hərbi Qələbə deyil, eyni zamanda, milli ruhun, xalq–dövlət birliyinin və tarixi ədalətin bərpasının təntənəsi idi. Məhz bu birlik Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi və bütün dünyaya nümayiş etdirdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün beynəlxalq ictimaiyyət də bu reallığı qəbul edir.
Siyasi şərhçi qeyd edib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi viran qoysa, yaşayış məntəqələrini, tarixi və dini abidələrimizi dağıtsa da, Azərbaycan həmin torpaqlarda həyatın yenidən bərpasını və davamlı inkişafını təmin edir.
“Bu gün azad edilmiş ərazilərdə müasir kənd və şəhərlər salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu proses təkcə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarında dayanıqlı həyat qurmaq əzminin, güclü dövlət iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının real ifadəsidir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq Zəfərin davamı və dövlət iradəsinin təcəssümüdür”, – deyə o bildirib.
Nadir Azəri əlavə edib ki, tarixi Qələbənin təməlində xalqın sarsılmaz həmrəyliyi, dövlət başçısının qətiyyətli siyasi iradəsi, güclü Azərbaycan Ordusu və sonsuz Vətən sevgisi dayanır: “Məhz bu amillər sayəsində Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, eyni zamanda, Cənubi Qafqazda yeni təhlükəsizlik və inkişaf reallığı formalaşdırdı. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın postmüharibə dövründə sülhün, quruculuğun və davamlı inkişafın təmin olunmasına yönəlmiş siyasətini uğurla həyata keçirdiyini göstərir. Bu fəaliyyət gələcək nəsillər üçün milli ruhun, vətənpərvərliyin və xalq–dövlət birliyinin canlı örnəyi olaraq yadda qalacaq”.