“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Əhməd bəy Ağaoğlu
Bakı, 2 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur (1869-1939). O, Şuşa şəhərində doğulub. 1896-cı ildə Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub. Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb. Hacı Zeynalabdin Tağıyevin dəvətinə əsasən Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.
Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan Əhməd bəy türk dünyasının ictimai-siyasi xadimi, jurnalist, pedaqoq və yazıçı kimi tarixə düşüb.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi Qarabağda doğulmuş və pedaqoji fəaliyyətlə məşğul olmuş tanınmış şəxslər haqqında məlumatları əhatə edir. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.