“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Yusif Vəzir Çəmənzəminli
Bakı, 4 noyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin növbəti tarixi siması Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). O, Şuşa şəhərində anadan olub.
“Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir... Şəhərin hər nöqtəsi tarix söyləyir...” deyən yazıçı-publisist, maarifpərvər ziyalı, dövlət adamı və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki ilk səfiri Yusif Vəzir Çəmənzəminli üçün Şuşa şərəfli həyatın təməli, başlanğıcı idi.
Yusif Vəzirin zəngin fəaliyyətində müəllimlik əsas yer tutub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dillərindən dərs deyib. 1938-ci ildə Özbəkistanın Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dili üzrə baş müəllim, eyni zamanda, institut kitabxanasında müdir işləyib. Yusif Vəzir təhsil və tərbiyənin milli inkişafda həlledici rolunu vurğulayaraq yazırdı ki, məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər.
Xatırladaq ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulmuş və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olmuş tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.