Qaradağ rayonunda Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini bütün mətbuat nümayəndələrini təbrik edib, 148 illik tarixi olan Azərbaycan milli mətbuatının özünəməxsus ənənələr yaratdığını diqqətə çatdırıb: “Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir”.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulayıb. Hazırda Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında qeyd edib ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın Sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Ordumuzun şanlı qələbəsini, xalq-ordu birliyini, eyni zamanda ölkə rəhbərinin apardığı daxili və xarici siyasəti mətbuat nümayəndələrinin ətraflı işıqlandırdıqlarını bildiriblər.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.