Qaradağ rayonunda qanunsuz tullantıların “Bakı Metropoliteni” tərəfindən atıldığı müəyyənləşib
Bakı, 1 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı “KamAZ” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qu gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.
Araşdırma zamanı avtomobillərin “Bakı Metropoliteni” QSC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.