Qarın yağması kənd təsərrüfatı, xüsusilə taxıl əkinləri üçün çox əhəmiyyətlidir – mütəxəssis açıqlaması
Şəki, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki respublikanın ən iri taxılçılıq rayonlarındandır və hər il ölkədə istehsal olunan taxılın 8-10 faizi bu rayonun payına düşür. Ötən ilin payızında Şəkinin təsərrüfatlarında 2025-ci ilin məhsulu üçün 59 min 939,1 hektar sahədə taxıl əkilib. Səpin aparılan sahələrin 45 min 389,1 hektarı dəmyə, 14 min 550 hektarı isə suvarılan torpaqlardır. Səpindən sonra uzun müddət davam edən quraqlıq səbəbindən taxılın inkişafı xeyli ləngiyib. Bitkilərin quraqlıqdan əziyyət çəkdiyi bir dövrdə son günlər respublika ərazisində, o cümlədən Şəki rayonunda qarın yağması torpaqda rütubət ehtiyatını xeyli artırıb və bu, taxıl əkinləri üçün çox əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib.
Mərkəzin rəisi bildirib ki, rayonda dəmyə əkin sahələrinin həcmi daha böyükdür. Bu isə əkilən məhsulun birbaşa hava şəraiti ilə əlaqəli olduğunu göstərir. Həddindən artıq yüksək temperatur bitkilərin inkişafına mane olur.
Tələt Mehdiyev deyib: “Səpin optimal müddətdə aparılsa da, vaxtında cücərtilərin alınması müşahidə edilsə də, dekabr ayından başlayan quraqlıq fevralın üçüncü ongünlüyünədək davam edib. Bununla əlaqədar Mərkəzin mütəxəssisləri rayon Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə dəmyə sahələrdə mütəmadi monitorinqlər keçirib və bitkilərin inkişafını, onlarda baş verən fizioloji prosesləri izləyiblər. Uzun müddət davam edən quraqlıqdan artıq bir çox sahələrin məhvolma təhlükəsi yaranmışdı. Belə hava şəraiti dəmyə əkinlərdə taxılın güclü quraqlıq və soyuq stressi keçirməsinə gətirib çıxarıb. Belə bir vəziyyətdə, yəni fevralın üçüncü ongünlüyündə kifayət qədər qarın yağması və havaların şaxtalı keçməsi kənd təsərrüfatı üçün, xüsusilə dəmyə taxıl sahələri üçün bir məlhəm olub”.
Mərkəzin rəisinin sözlərinə görə, qarın yağması, ilk növbədə, torpağın rütubətlə, nəmliklə uzunmüddətli təmin olunmasına gətirib çıxarıb ki, bu da payızlıq dənlilərin uzun müddət nəm və rütubətli torpaqlarda aktiv inkişaf etməsinə şərait yaradır. Eyni zamanda, torpağın rütubətli və nəmli olması yazda aparılan kimyəvi mübarizə tədbirlərinin səmərəliliyini daha da artırır. Xüsusilə, alaq otlarına qarşı tətbiq edilən herbisidlər nəm və rütubətli torpaqda daha fəal təsir göstərir, verilən bioloji aktiv maddələr və mikrogübrələr bitki tərəfindən daha yaxşı mənimsənilir. Qar torpaqda optimal nəmlik yaratdığından bitkilərin yaz kollanması və intensiv inkişafı üçün münbit şərait olur. Torpağın strukturunu yaxşılaşdırır, münbitliyini artırır. Qar örtüyü payızlıq taxıl əkinlərində bitkiləri donvurmadan qoruyur. Heyvandarlıqda isə yem ehtiyatının artmasına zəmin yaradır.
“Qarın yağmasının və havaların şaxtalı keçməsinin ən böyük əhəmiyyəti isə kənd təsərrüfatında zərərli orqanizmlərin, xüsusilə siçanabənzər gəmiricilərin kütləvi məhv olmasına səbəb olacaq”, - deyə Tələt Mehdiyev əlavə edib.