Qarsda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Qarsdakı Baş Konsulluğu Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrdən biri olduğunu qeyd etmiş, azərbaycanlılara qarşı erməni faşistləri və onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən danışmışdır. Qeyd edilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk andan erməni qəsbkarları xalqımıza qarşı qəddarcasına qətllər törətmişdir.
A.Süleymanov faciənin xalqımızla birgə həmrəy olan türk xalqının yaddaşından silinməyəcəyini və əbədi olaraq qəlblərdə qalacağını xüsusi vurğulamışdır. Qeyd edilmişdir ki, Xocalı sakinlərinə qarşı törədilmiş qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir.
Sonra Xocalı faciəsi ilə bağlı türk dilində sənədli film nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış fotostend, eləcə də Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallar ilə tanış olmuşlar. Bundan başqa türk dilində nəşr olunmuş Xocalı soyqırımına, o cümlədən münaqişəyə dair “İrs Miras” adlı jurnalın 1(5) saylı buraxılışı tədbir iştirakçılarına paylanılmışdır.
Sonda mərasim iştirakçıları baş konsulluğun təşkil etdiyi ehsan süfrəsinə dəvət olunmuşlar.