QATARLARIN TƏHLÜKƏSİZ HƏRƏKƏTİNİ TƏMİN ETMƏK MƏQSƏDİLƏ
Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmiz istər Şimal-Cənub, istərsə də Avropa-Qafqaz-Asya layihələrində mühüm qovşaq rolunu oynayır. Azərbaycandan keçən tranzit yüklər, qatarların hərəkət intensivliyi durmadan artır. Ona görə də son vaxtlar dəmir yolları üzərindəki körpülərdə, suötürücü qurğularda təmir-tikinti işləri sürətlənmişdir. Naxçıvan çayı üzərindəki körpü, habelə Yevlax-Balakən yolunun 56-cı kilometrindəki suötürücü təmir edilmiş, həmin yolun 148-ci kilometrində Talaçay üzərindəki körpünün sol və sağ sahillərində bəndlər bərkidilmiş, Zəyəm-Qovlar stansiyaları arasındakı sutənzimləyici qurğu bərpa edilmişdir. Yolun Səbuhi-Şəki sahəsində də təmir işləri keyfiyyətlə görülmüşdür. Ötən müddət ərzində körpü-tikinti qatarının maddi-texniki bazası möhkəmlənmiş, yol inşaatçıları müxtəlif tikinti texnikası, nəqliyyat vasitələri ilə təmin olunmuşlar.