Qaxda narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb
Bakı, 9 mart, AZƏRTAC
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı N.Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, əvvəllər məhkum edilmiş Martiko Aslamazaşvilidən aldığı müəyyənləşdirilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilib və 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M.Aslamazaşvili tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanıb.