Qaxda soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Qax, 30 mart (AZƏRTAC). Martın 30-da Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş igid həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, azərbaycanlılara qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu bildirmiş, erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini nəzərə çarpdıran natiq ulu öndərin müvafiq Fərmanına əsasən, 1998-ci ildən etibarən hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırmışdır.
Rayon polis şöbəsinin rəisi Cümşüd İsmayılovun “31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda məruzəsində xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu mənfur siyasətin başlıca məqsədi azərbaycanlıları qədim ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduqları “böyük Ermənistan” yaratmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı, insanlığa qarşı yönəlmiş dəhşətli cinayətlər əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının şüurunda dərin izlər buraxmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, soyqırımı siyasətinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinə dair apardığı işlər hər birimizdə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənəcəyinə, ədalətin tezliklə öz yerini tapacağına böyük inam yaradır.
Məruzə və çıxışlarda azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilmiş soyqırımı və deportasiya siyasəti ətraflı təhlil edilmiş, erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.