Qayıqla mağara turu: Yaşıl təbiəti ilə seçilən İngiltərənin möhtəşəm bölgəsindən REPORTAJ
Pik Distrikt, 27 avqust, AZƏRTAC
Kofe içməyə yer axtararkən yolumuz kiçik ev əşyaları satan bir dükanın qarşısından keçir. Dükan bağlı olsa da, pəncərəsindən asılmış elan diqqətimi çəkir: qayıqla mağara turu! Ünvanına baxırıq - olduğumuz kənddən cəmi 5 dəqiqəlik avtomobil məsafəsindədir.
İngiltərənin şimalında, yaşıl təbiəti ilə məşhur Pik Distrikt bölgəsinin Kaslton kəndindəyik. Kaslton bölgənin ən çox ziyarət edilən məkanlarından biridir. Kiçik daş evləri, kəndin içindən şırıltı ilə axan çayı, yaşıl təpələri və sakitliyi ilə bura hər il çoxsaylı turist cəlb edir. Məkan Londondan avtomobillə təxminən 3,5-4 saatlıq məsafədə yerləşir.
Pik Distrikt xüsusilə təbiət qoynunda gəzməyi və dağ yürüşlərini sevənlər üçün ideal məkandır. Yaşıl təpələr, dağlar, vadilər və mənzərəli göllər bölgənin vizit kartıdır. Burada hər yaşdan insana rast gəlmək mümkündür. Əllərində yürüş çubuqları ilə kilometrlərlə yol qət edənlər, velosipedlə ərazini kəşf edənlər xüsusilə diqqəti çəkir.
Mənim fikrim isə hələ də dükanın pəncərəsindəki o elanın yanında qalıb. Açığı Pik Distriktə gəlməzdən əvvəl burada belə bir yerin olması haqqında heç nə eşitməmişdim. Yubanmadan avtomobilə minib mağaraya doğru yola düşürük, yolboyu isə biletlərimizi onlayn alırıq. Bələdçinin müşayiəti ilə keçirilən və təxminən 8-9 nəfərin iştirak etdiyi turun qiyməti adambaşına 24 funt sterlinqdir.
Çatdığımız yer məşhur Spidvell mağarasıdır. Spidvell əslində XVIII əsrdə yaradılmış tarixi qurğuşun mədənidir. Vaxtilə buradakı mədən fəaliyyəti gözlənilən qədər uğurlu olmasa da, qazılmış yeraltı tunellər bu gün bölgənin ən maraqlı turistik məkanlarından birinə çevrilib. Ziyarətçilər 100-dən çox pillə ilə yerin altına enir, dar tuneldən qayıqla keçərək “Bottomless Pit” adlanan yeraltı gölün yerləşdiyi mağaraya çatırlar.

Girişə çatırıq. Biletlərimizi göstərən kimi təhlükəsizlik üçün hər birimizə kaska verilir. Kaskanı taxıb sürüşkən və bəzi yerləri palçıqlı olan pillələrlə yerin altına enməyə başlayıram. Aşağıda bizi qayıq gözləyir. Digər turistlərlə birlikdə sıralarla əyləşirik və yeraltı səyahətimiz başlayır. Bələdçimiz əlindəki fənərlə qaranlıq tuneldə bizə yol göstərir, eyni zamanda, bu yerin tarixindən danışır. Gördüklərim insanı həqiqətən heyrətləndirir — Britaniyada belə bir məkanın olduğunu təsəvvür etməzdim. Bir anlıq özümü sanki macəra filmində hiss edirəm.
Tunel həqiqətən də çox dardır. Bəzi hissələrdə qayıqla irəliləyərkən başımız tavana dəyməsin deyə əyilməli oluruq. Burada iki qayıq fəaliyyət göstərir: biri tunel boyunca irəliləyərkən digəri geri qayıdır. Yolun ortasında qarşıdan gələn qayıqdakı təxminən 4-5 aylıq körpə diqqətimi çəkir. Qaranlıq və dar tuneldə uşaq ucadan ağlayır. Açığı onu heç qınamıram, bura böyüklər üçün belə bir qədər vahiməli görünür.
Bir müddət sonra böyük mağara boşluğuna çatırıq. Qayıqdan düşərək “Bottomless Pit” adlanan yeraltı gölə yaxından baxırıq. Bələdçimiz buranın tarixi haqqında məlumat verdikdən sonra yenidən qayıqlara minərək eyni dar tunellə geri qayıdırıq. Başlanğıc nöqtəsinə çatdıqdan sonra 106 pillə ilə yerin səthinə qalxırıq. Sən demə, Pik Distrikt yeraltı mağaraları ilə də çox məşhur imiş.
Səfərimizin növbəti dayanacağı “Heights of Abraham”da oluruq. Bura dağın zirvəsində yerləşən, kanat yolu, mağaraları, gəzinti əraziləri və ətrafdakı təpələrə açılan mənzərələri ilə tanınan turistik məkandır. Kanatla dağın zirvəsindəki böyük parka qalxırıq. Təxminən 24 hektar ərazini əhatə edən parkdan ətrafdakı yaşıl təpələrə və vadilərə möhtəşəm mənzərə açılır. Ərazidə bağlar, sərgilər və bələdçi ilə ziyarət edilə bilən iki mağara var. Biz mövcud iki tura daxil olan mağaralardan birinə — “Great Masson Cavern”a üz tuturuq.

Bu mağara Spidvelldən xeyli fərqlənir. Burada qayıq yoxdur, mağaranın daxilində piyada hərəkət edirik. Yeraltı keçidlər boyunca irəlilədikcə mağaranın maraqlı geoloji strukturlarını yaxından görmək mümkündür. Çöldə havanın temperaturu 30 dərəcəyə yaxın olduğu halda, mağaraya daxil olan kimi bizi 5-6 dərəcəlik sərinlik qarşılayır. Bir neçə dəqiqə əvvəl istidən şikayətləndiyimiz halda indi gödəkçəmizin olmamasına heyifsilənirik.
Beləliklə, gün ərzində ikinci mağara turumuzu da başa vururuq. Günün sonunda isə Heights of Abraham”ın kafesinə üz tuturuq. Qarşımızda Pik Distriktin yaşıl təpələri və vadiləri uzanır. Bu mənzərəyə baxa-baxa çay içmək günün ən sakit və xoş anına çevrilir.
İngiltərənin təbiəti həqiqətən də heyrətamizdir. Bu ölkəni gəzdikcə, daha əvvəl haqqında heç nə bilmədiyim yerləri kəşf etdikcə buna bir daha əmin oluram. Bəzən ən maraqlı səyahət təcrübələri əvvəlcədən planlaşdırdıqlarımız deyil, təsadüfən bir dükanın pəncərəsində gördüyümüz kiçik elanla başlayır.