Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında ikili diplom proqramı başlanır
Bakı, 27 avqust, AZƏRTAC
Qarabağ Universiteti 2026/2027-ci tədris ilindən etibarən İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başlayır. Proqram “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli Sərəncamı çərçivəsində həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Qarabağ Universitetindən məlumat verilib. Bildirilib ki, ikili diplom proqramı inşaat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsil İTÜ-nün tədris proqramları əsasında və tamamilə ingilis dilində təşkil olunur. Tələbələrin ilk üç tədris ilini Xankəndi şəhərində, dördüncü tədris ilini isə İstanbul şəhərində keçirməsi nəzərdə tutulur. Proqram çərçivəsində tədris İTÜ professorları tərəfindən həyata keçiriləcək.
Proqramın məzunları Qarabağ Universitetinin və İTÜ-nün bakalavr diplomlarını əldə edəcəklər. Proqramla bağlı bütün xərclər dövlət hesabına maliyyələşdirilir. Qarabağ Universitetində İTÜ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu proqram mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin tətbiqi və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.