Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında yeni mərhələ: 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi - ŞƏRH
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan ilə Özbəkistan arasında ticari-iqtisadi münasibətlərin təməli 1995-ci ildən qoyulub. İki ölkə arasında ticari tərəfdaşlığın əsasını isə Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri zamanı imzalanan mühüm sənədlər təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova səsləndirib.
Ekspert bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri çərçivəsində iqtisadi və ticari əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinə dair 19 mühüm sənəd imzalanıb. Onun sözlərinə görə, həmin sənədlər iki ölkə arasında dostluq və hüquqi tərəfdaşlığın inkişafı üçün strateji baza yaradıb.
“Bunun nəticəsində illərdir davam edən ticari əməkdaşlığın və dostluq əlaqələrinin təməli qoyuldu. Bu iqtisadi əməkdaşlığın və dostluğun ən bariz nümunələrindən biri 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Daşkənddə Heydər Əliyev meydanının açılması oldu”, - deyə Günay Hüseynova qeyd edib.
Günay Hüseynova vurğulayıb ki, hazırda Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı Ulu Öndər Heydər Əliyevin vaxtında əsası qoyulmuş siyasətin davamlı inkişafının göstəricisidir: “Ölkə başçısının Özbəkistana dövlət səfəri və aparılan danışıqlar çərçivəsində Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəflənir. Bununla yanaşı, birgə investisiya və ticarət layihələrinin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə iqtisadçı-ekspert bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın əsas istiqamətləri sırasında bina tikintisi, elektron avadanlıqların idxalı, neft və qaz sektoru, təhsil, turizm və tikinti materiallarının ixracı yer alır. Eyni zamanda, Özbəkistan məhsullarının Avropa bazarlarına, Azərbaycan məhsullarının isə Mərkəzi Asiya bazarlarına çıxarılması istiqamətində imkanlar mövcuddur: “Demək olar ki, son illərdə Özbəkistan istehsalı olan elektron avadanlıqlar Azərbaycan bazarında istehlakçılara təklif olunur. Təhsil sahəsində də inteqrasiya mövcuddur. Daha çox azərbaycanlı tələbə Özbəkistana üz tutur”.
Müxbir – Pərvanə Qafarova