Ötən il SOCAR beynəlxalq aktivlər portfelini genişləndirib
Bakı, 27 avqust, AZƏRTAC
Ötən il SOCAR strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif seqmentlərində mövqeyini gücləndirib və investisiya imkanlarını dəyərləndirərək yeni bazarlara açılıb. Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələr arasında inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının effektiv idarə olunması, eləcə də innovativ və rəqəmsal həllərin tətbiqi əməliyyat səmərəliliyinin artırılmasına töhfə verib.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin maliyyə nəticələrində əsas diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsidir.
SOCAR-ın gəlirləri 2025-ci ildə 1,9 faiz artaraq 84,7 milyard manatdan 86,3 milyard manata yüksəlib.

Ümumi mənfəət 70,5 faiz artaraq 7,39 milyard manatdan 12,61 milyard manata çatıb. Gəlirlərin 1,9 faiz artdığı dövrdə mənfəətin bu səviyyədə yüksəlməsi xərclərin optimallaşdırılması və daha səmərəli əməliyyat fəaliyyətinin maliyyə nəticələrinə müsbət təsirini əks etdirir.

Əməliyyat mənfəəti 80,1 faiz artıb. Bu dinamika şirkətin əsas fəaliyyət istiqamətlərində əməliyyat səmərəliliyinin və gəlirliliyin yüksəlməsini əks etdirir.
Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət (EBITDA) 26 faiz artaraq 10,9 milyard manata çatıb. EBITDA-nın artımı SOCAR-ın əsas biznes fəaliyyətindən mənfəət yaratmaq qabiliyyətinin gücləndiyini göstərən mühüm göstəricidir.
SOCAR 2025-ci ili təqribən 3 milyard manat xalis mənfəətlə başa vurub. Ümumi mənfəət, əməliyyat mənfəəti və EBITDA üzrə müşahidə olunan dinamika şirkətin maliyyə nəticələrinin yalnız gəlirlərin artması hesabına deyil, həm də biznes dayanıqlılığının gücləndirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, idarəetmənin təkmilləşdirilməsi, texniki və kommersiya əməliyyatlarının səmərəliliyinin artırılması, maliyyə resurslarının daha rentabelli idarə olunması, innovativ həllər və rəqəmsal enerji texnologiyalarının tətbiqi hesabına formalaşdığını göstərir.
2025-ci ildə SOCAR maliyyə nəticələrini yaxşılaşdırmaqla yanaşı, uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq investisiya fəaliyyətini də davam etdirib. İl ərzində şirkət enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində mövqelərini gücləndirməyə, beynəlxalq aktivlər portfelini şaxələndirməyə və yeni bazarlarda iştirakını genişləndirməyə yönəlmiş bir sıra strateji addımlar atıb.
Əsas istiqamətlər sırasında:
- “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faiz iştirak payının əldə edilməsi – “SOCAR-ın ölkə daxilində hasilat aktivləri portfelinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri olub;
- İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10 faiz effektiv iştirak payının əldə edilməsi - şirkətin beynəlxalq “upstream” portfelinin və yeni coğrafiyalarda iştirakının genişlənməsinə xidmət edib;
- Rəqəmsal infrastruktur və neft-kimya sahələrinə strateji investisiyalar - biznesin texnoloji imkanlarının və uzunmüddətli rəqabət qabiliyyətinin artırılmasına yönəlib;
- Qaz ixracının və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi – SOCAR-ın regional və beynəlxalq enerji bazarlarındakı mövqeyinin möhkəmləndirilməsini və gəlirlilik səviyyəsinin yüksəldilməsini dəstəkləyib.
Bu addımlar SOCAR-ın yalnız cari maliyyə nəticələrinə deyil, uzunmüddətli inkişafına, portfelin şaxələndirilməsinə və enerji dəyər zəncirinin müxtəlif seqmentlərində iştirakının genişləndirilməsinə yönəlmiş yanaşmasını əks etdirir.