İQTİSADİYYAT
QAZ SAYĞACLARININ QURAŞDIRILMASI DAVAM ETDİRİLİR
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov AZƏRTAC-ın müxbirinə demişdir ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, bu ilin sonunadək respublika ərazisində 120 min qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Cəmiyyət ilin əvvəlindən tenderlər keçirmiş və iyun ayından işə başlamışdır. İş prosesində əlavə imkanlar araşdırılmış, bütün qüvvələr səfərbər edilmiş, quraşdırılacaq sayğacların sayını artırmağın mümkünlüyü aydın olmuş və bu barədə hökumət qarşısında məsələ qaldırılmışdır. Nazirlər Kabinetinin yeni qərarına əsasən, ilin sonunadək respublika ərazisində 220 min qaz sayğacı quraşdırılacaqdır. Hazırda gündə 1000-1200 sayğac quraşdırılmaqla, 140 min cihaz əhalinin istifadəsinə verilmişdir. Nəzərdə tutulmuş işlər ilin sonunadək tam başa çatdırılacaqdır.
Əlixan Məlikov onu da bildirmişdir ki, respublika əhalisinin sayğacla təmin olunması ilə bağlı Dövlət Proqramının başa çatdırılması 2008-ci ilin sonuna nəzərdə tutulsa da, cəmiyyət bu işi 2007-ci ilin əvvəllərində yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur.