İQTİSADİYYAT
QAZ TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Bakı, 20 iyun (AZƏRTAC). "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində 20 iyun - qaz təsərrüfatı işçilərinin peşə bayramına həsr olunmuş təntənəli iclas keçirilmişdir.
İclas iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azəriqaz" QSC-nin inzibati binasının foyesində qoyulmuş büstü önünə tər gül-çiçək düzmüş, xatirəsini anmışlar.
"Azəriqaz" QSC-nin sədri Əlixan Məlikov qaz təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edərək bu əlamətdar günün təsis olunmasını ölkənin çoxminli qaz təsərrüfatı işçilərinin həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamı ilə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü təsis edilmişdir və hər il iyunun 20-də ölkəmizdə bu bayram təntənəli surətdə qeyd olunur.
Artıq 4-cü ildir ki, peşə bayramlarını qeyd etdiklərini söyləyən Ə.Məlikov, tədbir iştirakçılarının diqqətini Azərbaycanda qaz təsərrüfatının yaranması və inkişafı tarixinə yönəltmişdir. Demişdir ki, respublikamızda qaz təsərrüfatının yaranma tarixinin ötən əsrin 20-ci illərinə təsadüf etməsinə baxmayaraq, keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul etdiyi qərar əsasında həmin ildən etibarən respublikamızda qaz təsərrüfatı rəsmən fəaliyyətə başlamışdır.
Azərbaycanda qaz təsərrüfatı 73 il bundan əvvəl yaransa da, onun əsl inkişaf tarixinin 1969-cu ildən - ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra başlandığını diqqətə çatdıran "Azəriqaz" QSC-nin sədri ulu öndərin rəhbərliyi altında həmin illərdə bu sahədə qazanılan uğurları xatırlatmışdır. Bildirmişdir ki, ötən əsrin 70-ci illərində respublikamızın ərazisinin 85 faizi təbii qazla təmin edilmiş, o zaman ulu öndərin titanik fəaliyyəti bugünkü müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafı üçün böyük stimul yaratmışdır.
Əlixan Məlikov demişdir ki, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında qaz təsərrüfatının yenidən qurulması, bu sahənin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan adddımlar öz bəhpəsini verməkdədir. 2004-2008-ci illərdə ölkə üzrə ümumi uzunluğu 2562 kilometr olan müxtəlif diametrli qaz xətləri çəkilmiş, qazla təmin edilən rayonların sayı 35-dən 57-yə çatdırılmış, sovet dövründə qazlaşdırılmayan Lerik və Yardımlı kimi yüksək dağlıq rayonlara qaz xətti çəkilmiş, respublikanın qazlaşdırma səviyyəsi 83,6 faizə çatdırılmışdır.
QSC-nin sədri dövlətimizin başçısı tərəfindən ölkənin 12 min nəfərlik qaz təsərrüfatı kollektivlərinin əməyinin daim yüksək qiymətləndirildiyini, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə onların müxtəlif fəxri adlara, orden-medallara layiq görüldüklərini minnətdarlıq hissi ilə qeyd etmişdir.
Təntənəli iclasda sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək qaz təsərrüfatı işçilərini peşə bayramları münasibətilə ürəkdən təbrik etmiş, onlara əhalini təbii qazla təmin etmək kimi çətin və şərəfli işlərində uğurlar arzulamışlar. X.Yusifzadə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin təbrik məktubunu yığıncaq iştirakçılarına çatdırmışdır. Həmçinin, bir qrup qaz təsərrüfatı işçisinə Sənaye və Energetika Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.
"Azəriqaz" QSC-nin sədri Ə.Məlikov qazanılan nailiyyətlərdə böyük əməyi olmuş qaz təsərrüfatı işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim etmişdir.
Təntənəli iclasın iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirin sonunda "Azəriqaz"ın himni səsləndirilmişdir.
######