QAZ TƏSƏRRÜFATINDA TİKİNTİ İŞLƏRİ APARILIR
Magistral borular dəniz səviyyəsindən 1200-1500 metr hündürlükdə 36 yol və 6 çay keçidindən, 12 kilometr uzunluğunda sıldırım qayalardan və 10 kilometr sıx meşəlikdən çəkilmişdir. Layihənin icrası ilə bağlı 11 milyon 500 min manatlıq, o cümlədən büdcə vəsaiti hesabına 9 milyon 180 min manatlıq iş görülmüşdür. Kəmərin çəkilməsində həm yerli əhali, həm də mütəxəssislər iştirak etmişlər. Yardımlı qaz istismarı sahəsində 22 nəfər daimi işlə təmin olunmuşdur.
Lerik və Yardımlı rayon mərkəzlərində bütün abonentlər “Azəriqaz” Səhmdar Cəmiyyətinin vəsaiti hesabına qaz pilətəsi və sayğacla təmin olunacaqlar. Hazırda Yardımlı qəsəbəsində evlərdə mətbəx sobaları və sayğaclar quraşdırılır. Bu işlər ilin sonunadək başa çatdırılacaqdır. Satılan qazın uçotu abonent-kompyuter sistemi ilə aparılacaq, hər bir abonentlə fərdi qaydada müqavilə bağlanacaqdır.
Ağcabədi və Beyləqan rayonlarında da qaz təminatının bərpası üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanmışdır. Bu rayonların qazlaşdırılması 2007-ci ildə davam etdiriləcəkdir.