“Qazaxıstan-Azərbaycan: yeni üfüqlər” - beynəlxalq elmi-praktik konfrans
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qazaxıstan - Azərbaycan: yeni üfüqlər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans Qazaxıstan və Azərbaycandan pedaqoqları, alimləri və tədqiqatçıları bir araya gətirib. Tədbirin məqsədi təhsil, elm və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Konfransda ADNSU-nun, eləcə də M.Auezov adına Cənubi Qazaxıstan Universitetinin və Beynəlxalq Pedaqoji Yaradıcılığı Dəstəkləmə Fondunun rəhbər şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən və əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışıblar.
Beynəlxalq konfransda “Süni intellektin tədris sahəsində rolu”, “İnklüziv təhsilin xüsusiyyətləri”, “Tədris oyunlarında iqtisadi proseslərin modelləşdirilməsi”, “Müasir təhsilin əsas tendensiyası kimi şəxsiyyətin rolu”, “İbtidai sinif şagirdləri üçün süni intellektlə bağlı tədqiqat layihələri” və “Əlavə təhsilin aktual məsələləri” mövzularında məruzələr dinlənilib.