Qazaxıstan səfiri: Azərbaycanın uğurlarına çox sevinirik
Qax, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkənizin şimal-qərb bölgəsinə səfərimiz çox uğurlu oldu. Şəkinin, Qaxın tarixi məkanları ilə tanışlıq bizdə zəngin təəssürat yaratdı. Şəki xanlarının sarayına, karvansaraya baxdıq, Qax şəhərinin qədim məhəlləsini gəzdik, Heydər Əliyev Mərkəzini ziyarət etdik. Buranın çox gözəl təbiəti var. Qaxın təmiz dağ havası çox xoşumuza gəldi. Başı qarlı dağlar mənə doğma Qazaxıstanımı, Tyan-Şan, Altay dağlarını xatırlatdı. Bu diyarla tanışlıq göstərdi ki, son illər təkcə paytaxt Bakı şəhəri, iri sənaye mərkəzləri deyil, regionlarınız da çox sürətlə inkişaf edir. Biz, türkdilli xalqlar olaraq, Azərbaycanın bu uğurlarına çox sevinirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev Qaxda jurnalistlərə müsahibəsində söyləyib.
Bakının yaraşıqlı binalarına, memarlıq abidələrinə, dəbdəbəli otellərinə heyran qaldığını vurğulayan səfir bildirib ki, paytaxtdan 300-350 kilometr aralıda yerləşməsinə baxmayaraq, bu bölgədə hər cür şəraitə malik otellər inşa olunub. Bu onu göstərir ki, Azərbaycan təkcə iqtisadi sahədə deyil, sosial sahədə də sürətlə inkişaf edir, mədəniyyətin, idmanın, turizmin inkişafına xüsusi fikir verilir”.
Azərbaycanın çox parlaq gələcəyi olduğunu vurğulayan səfir Beybit İsabayev deyib: “Qardaş Azərbaycan xalqına bu yolda uğurlar diləyir, firavan həyat, əmin-amanlıq arzulayıram”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-21-də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin və xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunub.