Qazaxıstanda 3 hava limanının kodlarının dəyişdirilməsi nəzərdə tutulur
Nur-Sultan, 8 iyun, AZƏRTAC
Qazaxıstan Mülki Aviasiya Komitəsinin sədri Talgat Lastayev Qazaxıstanda 3 hava limanının kodlarını dəyişdirməyi planlaşdırdıqlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın növbəti dəfə Aktau, Atırau və Taraz hava limanlarının kodlarının dəyişdirilməsi nəzərdə tutulur.
Nur-Sultan hava limanının kodunun dəyişdirilməsi üçün Qazaxıstan tərəfi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qətnaməsində bir dəyişikliyə nail olub ki, bu da gələcəkdə hava limanlarının və digər dövlətlərin kodlarını dəyişdirməyə imkan verəcək.
Qeyd edək ki, artıq Nur-Sultan hava limanının kodu rəsmi olaraq TSE-dən NQZ-ə dəyişdirilib. Hava limanı bu gündən etibarən bütün beynəlxalq sistemlərdə NQZ kodu ilə nümayiş olunacaq.
Xatırladaq ki, hər bir hava limanı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) koduna malikdir, hava limanının qısaldılmış adıdır və müxtəlif aviasiya sistemlərində istifadə olunur. Adətən kod şəhər və ya hava limanının adı ilə uyğunlaşır. 1961-ci ildən şəhər Tselinoqrad adlanarkən hava limanının kodu TSE idi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan