Qazaxıstanda kadr islahatları aparılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Son iki gün ərzində Qazaxıstanda beş nazir vəzifəsindən azad olunub. Bununla yanaşı, altı nazir və respublikanın Baş nazirinin iki müavini təyin edilib.
AZƏRTAC Akordanın (Qazaxıstan Prezidentinin iqamətgahı) mətbuat xidmətinə istinadla xəbər verir ki, Marat Karabaev sənaye və infrastrukturun inkişafı, Darxan Kıdırali informasiya və ictimai inkişaf, Asxat Oralov mədəniyyət və idman, Marat Axmetjanov daxili işlər, Zulfiya Suleymenova ekologiya və təbii ehtiyatlar nazirləri vəzifəsindən azad ediliblər. Qazaxıstan KİV-ləri sonuncunun vəzifəsi ilə vidalaşmasını iyunun 8-də Abay vilayətindəki Baptayevsk meşə təsərrüfatında baş vermiş və 14 nəfərin ölümü ilə nəticələnmiş yanğınla əlaqələndirir.
Qazaxıstanın dövlət başçısının müvafiq Fərmanı ərəfəsində respublikanın Su Ehtiyatları və İrriqasiya, Nəqliyyat, Turizm və İdman, Mədəniyyət və İnformasiya, həmçinin Sənaye və Tikinti nazirlikləri yaradılıb.
Şənbə günü bu yeni nazirliklərə təyinatlar olub. Xüsusən, yeni yaradılmış Turizm və İdman Nazirliyinə Yermek Marjikpaev başçılıq edib, daxili işlər naziri vəzifəsinə Yerjan Sadenov, mədəniyyət və informasiya naziri postuna Aida Balayeva, nəqliyyat naziri vəzifəsinə Marat Karabaev təyin edilib. Yeni kabinetdə, həmçinin ticarət və inteqrasiya naziri Arman Şakkaliev, əmək və əhalinin sosial müdafiəsi naziri isə Svetlana Jakupova olublar.
Bundan başqa, əvvəllər ticarət naziri olmuş Serik Jumanqarin və əmək naziri vəzifəsində çalışmış Tamara Duseynova Baş nazirin müavinləri təyin ediliblər.
Qazaxıstanın Prezident Administrasiyası və Təhlükəsizlik Şurasında da kadr islahatları aparılıb.