Qazaxıstanda quş qripi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Qazaxıstan Respublikasının Şimali Qazaxıstan, Kostanay, Aqmola, Pavlodar, Almatı və Aqtöbe vilayətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi xəstəliyinə görə Qazaxıstanın həmin vilayətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.