Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət ünvanlayıblar
Bakı, 7 aprel, AZƏRTAC
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiyanın ədliyyə naziri Aleksandr Konovalova müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Qazaxıstanda yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbərlərə görə çox narahatdırlar. Məsələnin səbəblərinin aydın olmaması isə məyusluq doğurur.
Mövcud olduğu illər ərzində ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiyanın və Azərbaycanın mənafeyinə çox səmərəli xidmət göstərdiyini vurğulayıblar. Bildirilib ki, ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır.
Müraciətdə deyilir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur: “Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar Sizdən xahiş edirik ki, bizim narahatlığımızı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz”.
Qazaxıstanda yaşayan azərbaycanlılar A.Konovalovun diqqətinə çatdırıblar ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyev ilə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər.
Həmçinin Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası müraciətin sonunda ədliyyə naziri Aleksandr Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə, problemin həllinə yardım göstərəcəyinə ümidvar olduğunu bildirib.