Qazaxlı gənclər üçün onlayn təlim keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
“Azərbaycan Hökumətinin və BMT-nin gənclər üçün birgə xidmətlər təşəbbüsü” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu və təhsil sahəsində ixtisaslaşan “Education HUB” tərəfindən “Yarat, inkişaf et, töhfə ver” layihəsi icra olunub.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, onlara yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, eləcə də onları gələcəkdə icra ediləcək sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.
Onlayn təlimlərə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzindən olan iştirakçılar qoşulub.
Dörd gün davam edən onlayn təlimlər zamanı iştirakçılar qeyri-formal təhsil, onun prinsipləri, sosial inkişaf və sosial incəsənət, layihə idarəçiliyinin mərhələləri, müxtəlif incəsənət alətləri ilə tanış olublar. Qazax gəncləri ilk dəfə olaraq onlayn forum teatr hazırlayıb və nümayiş etdiriblər.
Təlimin sonunda layihə iştirakçıları Qazax rayonundakı tarixi abidələrin təbliği, ailədaxili zorakılığın uşaqlara təsiri, regiondan olan müəllimlər arasında yeni innovativ tədris metodlarından istifadə, sahibsiz heyvanlara şiddətin azaldılması, gənclərin asudə vaxtının təşkili və məşğulluğunun inkişafına dəstək üçün yeni layihə ideyalarını təqdim ediblər.
Layihə Avropa İttifaqının maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Education HUB” tərəfindən həyata keçirilir.