Qəbələdə 35 qovaq ağacının kəsildiyi aşkarlanıb
Bakı, 2 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Karvan” istirahət mərkəzinin ərazisində diametri12-28 santimetr olan yaşköküstə 35 qovaq ağacının kəsildiyi və təbiətə 5810 manat ziyan vurulduğu aşkar edilib.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı ağacları istirahət mərkəzinin icarəçisi Elşən Məmmədovun kəsdiyi müəyyənləşdirilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.