Qəbələdə şəhid hərbi həkim Aqşin Ənvərlinin xatirəsi anılıb
Qəbələ, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidməti baş leytenantı Aqşin Ənvərlinin xatirəsinə həsr olunmuş “Ömrün şəhidlik zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi, valideynləri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə şəhid hərbi həkimin həyatı, fəaliyyəti və döyüş yolu barədə geniş məlumat verilib, məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya və videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Aqşin Ənvərlinin hələ məktəbli ikən çəkdiyi rəsm əsərlərinin və Qəbələ rayonundan olan Vətən müharibəsi şəhidlərinin fotolarının nümayiş olunduğu sərgi ilə tanış olublar.