Qəbələdə şəhid Ruslan İdrisovun xatirəsi anılıb
Qəbələ, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Qəbələ rayonundan olan Ruslan İdrisovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət ediblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ruslan İdrisov 2002-ci il iyunun 6-da Ukraynanın Odessa şəhərində anadan olub. Sonralar ailəsi ilə birlikdə Qəbələ rayonunun Nic qəsəbəsinə köçüb. Qəbələ şəhərindəki 3 saylı tam orta məktəbdə təhsil alıb. Ruslan 2020-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Döyüşlərdə göstərdiyi igidliyə görə şəhid Ruslan İdrisov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.