Qəbələli gənclər könüllülük hərəkatı barədə fikir mübadiləsi aparıblar
Qəbələ, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Könüllülük: Gənclərin sosial inkişafda rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Mərkəzin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi gənclər arasında könüllülük hərəkatının əhəmiyyətini artırmaq, onların sosial layihələrdə fəal iştirakını təşviq etmək və könüllülüyün cəmiyyət üçün yaratdığı müsbət təsirləri müzakirə etmək olub.
Görüş zamanı gənclər müxtəlif sahələrdə əldə etdikləri könüllülük təcrübələrini bölüşüb, qarşıda duran fəaliyyət planları və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Sonda Qəbələ rayonunda keçirilən IV İdman Festivalında könüllü kimi fəaliyyət göstərən gənclərə sertifikatlar təqdim edilib.