Qəbələli gənclərə “Mərkəzdən kənarda qalma!” layihəsi təqdim olunub
Qəbələ, 26 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinə “Mərkəzdən kənarda qalma!” adlı yeni layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin məqsədi rayon mərkəzindən kənarda yaşayan gənclərlə görüşmək, onları müxtəlif fəaliyyətlər barədə geniş məlumatlandırmaq və gəncləri bu fəaliyyətlərə cəlb etməkdir.
Layihə çərçivəsində ilk görüş rayonun Qaradeyin kənd tam orta məktəbin şagirdləri ilə olub. Nümayəndəliyin əməkdaşları və təcrübəçi könüllülər tərəfindən gənclərə mərkəzin fəaliyyəti, mərkəz daxilində fəaliyyət göstərən klublar, keçirilən layihələr və könüllülük fəaliyyəti haqqında ətraflı məlumat verilib, onların maraq dairəsi öyrənilib. Sonra gənclərlə maraqlı oyunlar oynanılıb.
Nümayəndəliyin rəhbəri gənclərlə belə görüşlərin davamlı olacağını vurğulayıb.