İDMAN
“Qəbələ”nin cüdoçuları açıq Bakı birinciliyini dörd medalla başa vurublar
Bakı, 1 iyun, AZƏRTAC
İyirmi üç yaşadək cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də çıxış ediblər.
Komandanın üzvləri birincilikdən 4 medalla ayrılıblar. Klubun yetirmələri 3 qızıl və 1 gümüş mükafata sahib olublar.
Yarışın ilk günündə tatami üzərinə çıxan Rəşad Yelkiyev (60 kq) bütün rəqiblərinə qalib gəlməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin ikinci günündə isə 100 kiloqram çəki dərəcəsində “Qəbələ” idmançıları finalda üz-üzə gəliblər. Bu dueldə Vasif Şərbətli İmran Yusifovdan güclü olub. Komandaya daha bir çempionluğu 100 kiloqramdan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan Vüsal Orucov qazandırıb.