Qəbələnin təhsil işçiləri məktəblərdə mülki müdafiə işinin təşkili barədə maarifləndiriliblər
Qəbələ, 2 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Məktəb müəllimlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunda ümumtəhsil məktəblərinin aşağı siniflərinin rəhbərləri üçün “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda seminar təşkil edilib. Tədbirdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Şimal-Qərb Regional Mərkəzinin, rayon icra hakimiyyətinin, ümumtəhsil müəssisələrinin, rayon mərkəzi xəstəxanasının nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, seminarda iştirakçılar fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması və məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, mülki müdafiə tədbirləri, kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının düzgün hazırlanması, yanğın və texniki təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatlandırılıblar.
Sonda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda videoçarx nümayiş etdirilib.