Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə birinci beynəlxalq müsabiqə başlayıb
Bakı, 16 may, AZƏRTAC
Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə birinci beynəlxalq müsabiqə başlayıb. Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 200-dən çox balet ustası iştirak edir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin açılış mərasimi Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin rəngarəng çıxışları tədbiri yaddaqalan edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, müsabiqənin Azərbaycan balet məktəbinin yaradıcılarından biri, ilk qadın balet ustası Qəmər Almaszadənin adını daşıması təsadüfi deyil. SSRİ Xalq Artisti, milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım klassik xoreoqrafik ənənələri ilə milli xalq rəqslərinin vəhdətini bir araya gətirərək təkrarolunmaz obrazlar yaradıb.
Belə festivalların keçirilməsinın vacibliyindən danışan Əbülfəz Qarayev onu da qeyd edib ki, müsabiqədə ölkəmizlə yanaşı, Moskva, Ukrayna, Litva, Qazaxıstan və İrandan olan balet ustaları iştirak edəcəklər.
Müsabiqənin məqsədi milli və klassik rəqs irsinin, habelə dünya xalq rəqslərinin nəsildən-nəslə ötürülməsi və təbliği, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsi, milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq miqyasda təbliğidir.