Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyası sürətlənir?
Sarayevo, 2 sentyabr, AZƏRTAC
Qərbi Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiyasını sürətləndirmək üçün ciddi təkliflər təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi deyib.
O qeyd edib ki, Avropa Komissiyası oktyabrın 26-27-də keçiriləcək Aİ ölkələrinin sammitində genişlənmə planı ilə bağlı öz təkliflərini təqdim edəcək.
“Lakin həm Aİ-nin, həm də Balkan regionundakı ölkələrin, eləcə də digər üç namizəd ölkənin yerinə yetirməli olduğu öhdəliklər var. Avropa Komissiyası genişlənmə planı da daxil olmaqla, ciddi təkliflər vermək niyyətindədir. Bunlar təkcə institusional xarakter daşımır, həm də xalqların və iqtisadiyyatların Aİ-yə real inteqrasiyasını sürətləndirəcək. Tələbləri yerinə yetirən ölkələr Aİ-yə üzv ola biləcək. Ona görə də bu ölkələrə işlərini sürətləndirməyi məsləhət görürəm. Oktyabrda hər şey masada olacaq”, - deyə O.Varhelyi bildirib.
Qeyd edək ki, Aİ ölkələrinin liderləri oktyabrda Brüsseldə keçiriləcək sammitdə genişlənmə məsələsini müzakirə edəcəklər. Hazırda Aİ-yə üzv olan ölkələrin sayı 27-dir. Qərbi Balkan ölkələrindən Albaniya, Monteneqro, Şimali Makedoniya və Serbiya Aİ-yə üzv olmaq niyyətindədir. Ötən ilin sonunda isə Bosniya və Herseqovinaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu verilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo