QƏRBLƏ ŞƏRQ ARASINDA SUPER İNFORMASİYA MAGİSTRALININ ESKİZ LAYİHƏSİ HAZIRLANIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Booz Allen Hamilton” beynəlxalq məsləhətçi şirkəti Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə Qərblə Şərq arasında informasiya magistralının eskiz layihəsini hazırlayır. Layihənin ilkin variantı noyabrda keçiriləcək ənənəvi beynəlxalq “BakuTel” sərgi və konfransı çərçivəsində müzakirə olunacaqdır.
Layihə informasiya-kommunikasiya texnologiyalarının yüksək inkişafına malik olan iki regionu - Qərbi Avropanı və Şərqi Asiyanı birləşdirəcək magistral boyu 20-yə yaxın ölkəni əhatə edəcəkdir.
Layihə həm də, əlverişli coğrafi mövqeyinə, sürətli inkişaf səviyyəsinə və ən başlıcası, regionda güclü iqtisadi potensiala malik olduğuna görə, Azərbaycanda beynəlxalq kommutasiya mərkəzinin və qlobal informasiya bankının yaradılmasını nəzərdə tutur.