“Qətər-2022”: Seneqal millisi ilk qələbəsini qazanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Seneqal millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, A qrupunun ikinci turu çərçivəsində Seneqal millisi Qətər yığması ilə qarşılaşıb. Görüş Seneqal seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə Seneqal yığmasının heyətində Şeyx Bamba Denq, Famara Dedyu, Bulaye Dia, rəqib komandadan isə Mohammed Muntari fərqləniblər.
Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olub. İran millisi rəqibini 2 cavabsız qolla məğlub edib.
Oyunda günündə A qrupunda Niderland - Ekvador, B qrupunda isə İngiltərə - ABŞ oyunları keçiriləcək. Matçlar müvafiq olaraq saat 20:00-da və 23:00-da başlayacaq.
Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.