Qətərdə futbol üzrə 22-ci dünya çempionatının təntənəli açılış mərasimi olub





Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Qətərin Əl Xor şəhərində futbol üzrə 22-ci dünya çempionatının təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Əl Bayt” stadionunda təşkil olunan açılış mərasimində əvvəlcə Qətərin tarixi, adət-ənənələrini və mədəniyyətini özündə əks etdirən videoçarx yayımlanıb.
“Məsafəni hiss et!” konsepsiyasında təşkil olunan mərasimdə ingiltərəli məşhur aktyor Morqan Friman bütün futbolsevərləri Qətərə dəvət edib, futbolun bütün xalqları birləşdirdiyini və gözəl atmosfer yaratdığını bildirib.
Açılış zamanı ötən 21 dünya çempionatının himnlərindən ibarət xüsusi musiqi nömrəsi təqdim olunub. Həmçinin ötən mundialların maskotları “Əl Bayt” stadionuna gətirilib. Sonda isə meydanda “Qətər-2022”nin talismanı - "La'eeb" nümayiş olunub. "La'eeb" super bacarıqlı oyunçu mənasını verir.
Mərasimdə Cənubi Koreyanın pop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.
Kuboku stadiona Fransa millisinin əfsanəvi müdafiəçisi Marsel Desayi gətirib. Sonra isə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani dünya çempionatını açıq elan edib.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.
Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Qeyd edək ki, Qətərdə keçirilən mundiala təqribən 208 milyard avro xərclənib. Bu, Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən 17 dəfə çoxdur. Rusiya dünya çempionatına ev sahibliyi etmək üçün 11,6 milyard funt-sterlinq (təxminən 13 milyard avro) xərcləyib.
Mundiala dekabrın 18-də yekun vurulacaq.
Çempionatın ilk oyununda Qətər və Ekvador milli komandaları üz-üzə gələcəklər.