Qətərin ticarət və sənaye naziri: Azərbaycanla əməkdaşlığa böyük önəm veririk
Qahirə, 28 yanvar, AZƏRTAC
Qətər Dövləti Azərbaycan Respublikası ilə müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd Bin Hamad Bin Qassim Al-Abdullah Al-Tani Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov ilə görüşündə deyib.
Görüşdə Azərbaycan və Qətər arasındakı münasibətlərin hazırkı durumu nəzərdən keçirilərək onların təşviq edilməsi imkanları müzakirə edilib. Bu xüsusda, qarşılıqlı investisiyalar, ticarət və digər cəlbedici sahələrdə əlaqələrin gücləndirilməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb, həmin istiqamətlər üzrə əməkdaşlığın inkişafının zəruriliyi qeyd olunub. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl sektor tərəfdaşlığı və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə