QEYRİ-LEQAL İMMİQRANTLAR ABŞ-DAN KÜTLƏVİ SURƏTDƏ ÇIXARILMAĞA BAŞLASA, ÖLKƏ İQTİSADİYYATI BATACAQ
Blumberqin sözlərinə görə, Nyu-Yorkda təxminən 3 milyon immiqrant yaşayır, onların 500 mini ölkəyə qeyri-leqal yolla gəlmişdir. Mer demişdir: “Onlar sərhədlərimizi qanunsuz keçərək və vizalarının müddətini ötürərək qanunu pozmuşlar. Bu, faktdır. Lakin onlar bunu etməsəydilər, Nyu-York iqtisadiyyatının quruca adı qalardı. Danmaq olmaz ki, Amerikanın çox böyük sayda immiqrantlara ehtiyacı var, çünki ölkədə doğumun səviyyəsi elə vəziyyətdə deyil ki, iqtisadiyyatın inkişaf sürətini lazımi səviyyədə saxlaya bilək”.
Hazırda Konqresdə immiqrasiya haqqında yeni qanun layihəsinin Senatda və Nümayəndələr palatasında qəbul edilmiş iki variantı ilə bağlı gərgin müzakirələr gedir. Prezident Corc Buş federal orqanların əcnəbi fəhlələr üçün “qonaq proqramı” hazırlamasına tərəfdardır. Proqrama görə, bu fəhlələr Amerikada müəyyən müddət qaldıqdan sonra evə qayıtmalıdırlar. Proqramda artıq çoxdan ABŞ-da yaşayanların vətəndaşlıq almasının mümkünlüyü də nəzərdə tutulur. Qanun layihəsinin Senat variantı Buşun ideyasına daha yaxındır. Nümayəndələr palatası isə təklif edir ki, bütün qeyri-leqal immiqrantlar - onlar təxminən 11-12 milyon nəfərdir - kəsbkarlığa yenidən müvəqqəti gəlmək imkanı qazanmazdan əvvəl ABŞ-dan getməlidirlər. Palatanın layihəsində hətta təkid edilir ki, qeyri-leqal immiqrantlar axınının qarşısını almaq üçün sərhədləri möhkəmləndirmək lazımdır.
Hökumət üçün ciddi siyasi problemlərdən biri odur ki, qanun layihəsinin hər iki “rəqib” variantını Respublikaçılar Partiyasından olan qanunvericilər hazırlamışlar. Onlar isə öz aralarında heç cür razılığa gələ bilmirlər. Bu, demokratlara belə deməyə əsas verir ki, onların rəqiblərinin immiqrasiya məsələsində siyasəti tam iflasa uğrayır.