QƏZADAN ZİYAN ÇƏKƏNLƏRİN EHTİYACLARI ÖDƏNİLİR
Şəhər icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəza vəziyyətində olan 90 mənzilli beşmərtəbəli bina uçurulmuşdur. Müxtəlif yerlərdə məskunlaşmış sakinlərin sosial-məişət problemlərinin həllinə gündəlik nəzarət edilir. Binanın sakinlərinə dövlətimiz tərəfindən ayrılmış yardım və kompensasiyaların verilməsi başa çatmaq üzrədir. Beynəlxalq Bankın Lənkəran filialında qəzadan ziyan çəkmiş 105 nəfərin adına hesab açılmışdır. Hazırda burada 103 nəfərin hesabına 3 milyard 636 milyon manat vəsait daxil olmuşdur. Kompensasiya və yardım alan sakinlərdən 5 nəfəri özünə təzə mənzil almışdır.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti almış 28 sakindən 14 nəfəri Lənkəran mərkəzi rayon xəstəxanasında, 3 nəfəri isə Bakı şəhərində müalicəsini davam etdirir. Uçqunlar altından çıxarılan və ağır vəziyyətdə Bakı şəhərinə göndərilən Təranə Qəmbərovanın və Məleykə Aslanovanın vəziyyəti qənaətbəxşdir.
İndiyədək rayon ərazisində 35 yaşayış binasına, 78 səhiyyə, 52 mədəniyyət obyektinə texniki baxış keçirilmiş, qəza vəziyyətində olan binalar müəyyənləşdirilmişdir.